İran səfiri Azərbaycan XİN-inə çağrıldı

15:29 - 27.01.2023


27 yanvar, Fineko/abc.az. Yanvarın 27-si İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə ABC.AZ-a Azərbaycan XİN-dən bildirilib.

Görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub.

Görüşdə habelə, son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb.

 

Bütün xəbərlər