Bu gün İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə baş verib

22:25 - 19.06.2018


19 iyun, Fineko/abc.az. İmişlidə baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbləri araşdırılır.

Fineko/abc.az Azərtac-a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov, Baş prokurorun birinci müavini Rüstəm Usubov və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri hadisə yerində olublar. Onlar zəhərlənən sakinlərə baş çəkiblər.

Nazir İnam Kərimov bildirib ki, Baş Prokurorluq tərəfindən həm bu gün İmişlidə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahələrində baş verən hadisələrlə bağlı cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır. O deyib: “Bu məsələ cənab Prezidentin birbaşa nəzarətindədir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Qida Təhlükəsizliyi Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu rayona ezam olunublar”.

Pambıq texniki bitki olduğunu vurğulayan nazir deyib: “Pambığın yetişdirilməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, bu proses zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlərin və fermerlərin həm yığımda, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verə bilər”.

İnam Kərimov deyib ki, son günlər nazirlik tərəfindən bununla bağlı ciddi xəbərdarlıq edib.

Nazir onu da qeyd edib ki, bu il iyulun 1-dək fitosanitar sahədə dərman preparatlarının idxalına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, bundan sonra isə Qida Təhlükəsizliyi Agentliyi icazə verəcək.

Zəhərlənən şəxslərin vəziyyətinin normal olduğunu deyən İnam Kərimov bildirib: “Çox şükür ki, hər şey qaydasındadır. Xəstələrin vəziyyəti normaldır. Yəqin ki, onlar bu gün evə buraxılacaqlar”.