Əbülfəs Qarayev Özbəkistanın mədəniyyət naziri ilə görüşdü

22:49 - 19.06.2018


19 iyun, Fineko/abc.az. İyunun 19-da mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Özbəkistanın mədəniyyət naziri Bakhtiyar Sayfullayevlə görüşdü.

Nazir Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı 20 iyun tarixində Naxçıvanda keçiriləcək təntənəli mərasimdə iştirak dəvətini qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirdi. Özbəkistanlı həmkarına Azərbaycanın dilbər guşəsi olan Naxçıvana səyahətlərindən məmnun qalacaqlarına ümidvar olduğunu bəyan etdi. Vurğulandı ki, Azərbaycanın regionları ilə tanışlıq özbək qonaqlarda ölkəmiz haqqında, respublikamızda baş verən sosial-iqtisadi və mədəni inkişaf haqqında daha dolğun təəssürat yaradacaq.

Ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələrin davamlı inkişafını diqqətə çatdıran Əbülfəs Qarayev dedi: “Biz indi yeni bir mərhələdə əlaqələrin bərpasına və inkişafına qədəm qoymuşuq. Mədəni əməkdaşlığımızı yeni formatda davam etdirməli, iki dost ölkə arasında mədəni əlaqələrin bundan sonra da inkişafını təmin etməliyik. Xalqlarımızı birləşdirən qədim tarixi köklər hər zaman bu münasibətlərin dinamik inkişafını təmin edib”.

Özbəkistanın mədəniyyət naziri Bakhtiyar Sayfullayev səmimi qəbula görə təşəkkürünü bildirdi, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlərdə iştirakından məmnunluğunu ifadə etdi.  Diqqətə çatdırdı ki, Özbəkistan həm beynəlxalq təşkilatlarla, həm də qonşu dövlətlər, xüsusilə türkdilli ölkələrlə hərtərəfli əlaqələrin qurulmasında maraqlıdır. O, Özbəkistan rəhbərliyinin də bu əlaqələrin inkişafı üçün səy göstərdiyini vurğuladı.

Əbülfəs Qarayev Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, İSESCO və TÜRKSOY-la gerçəkləşdirilən birgə layihələr haqqında qonağa məlumat verdi.

Bütün xəbərlər