290 min dəfədən çox şəbəkəyə qoşulma cəhdinə imtina cavabı verilib

12:12 - 29.03.2023


29 mart, Fineko/abc.az. “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.

“AzInTelecom” MMC-nin Mobil cihazların qeydiyyatı şöbəsi mütəmadi olaraq, monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır.

ABC.AZ xəbər verir ki, nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır.

Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.

Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 2130 IMEI koda “klon” statusu verilib. Həmin IMEI kodlar son üç ayda 934 314 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 290 min dəfədən çox şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.

Bütün xəbərlər