Lənkəran, Yardımlı və Masallı ictimaiyyəti miqrasiya ilə bağlı maarifləndirilib

22:40 - 25.06.2018


 25 iyun, Fineko/abc.az. Dövlət Miqrasiya Xidməti tərəfindən yay turizm mövsümünün başlanması ilə əlaqədar olaraq Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan rayonlarda fəaliyyət göstərən mehmanxana, sanatoriya, istirahət evi, kempinq, turist bazası təmsilçiləri, yerli icra orqanları əməkdaşlarının, eləcə də  ictimaiyyət nümayəndələrinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə  maarifləndirmə tədbirləri keçirilib.

Yardımlı rayon İcra Hakimiyyətinin inzibati binasında, Lənkəran şəhər Mədəniyyət Mərkəzində və  Masallı rayon Gənclər Mərkəzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı və Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlər ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərində geniş izahedici söhbət aparılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasında 10 gündən artıq qalmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər. Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı Xidmətin regional miqrasiya idarələri ilə paralel olaraq “ASAN xidmət” mərkəzlərində də həyata keçirilir. Həmçinin DMX-nin rəsmi saytı (migration.gov.az), elektron hökumət portalı (www.e-gov.az) və elektron poçt ([email protected]) vasitəsilə elektron qaydada da olduğu yer üzrə qeydiyyat üçün müraciət etmək mümkündür. Diqqətə çatdırılıb ki, bu ilin may ayı ərzində əcnəbilərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərinin sayı 56 min 607 nəfər olub. Vurğulanıb ki, əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı dövlət rüsumu ödənilmir.

Hər üç tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Bütün xəbərlər