Torpaqların icarəsindən büdcə daxilolmaları 151,6 faiz yerinə yetirilmişdir

10:26 - 27.06.2018


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz dövlət əmlakının, o cümlədən torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə daxilolmaların təmin edilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

2018-ci ilin yanvar-may ayları ərzində dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən  dövlət büdcəsinə 3,76 milyon manat vəsait ödənilmişdir ki, bununla Proqnoz Tapşırıq 151,6% yerinə yetirilmişdir. Eyni dövrdə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən isə dövlət büdcəsinə 830 min manat məbləğində vəsaitin ödənilməsi təmin edilmişdir (Proqnoz Tapşırıq 114%). Beləliklə, cari ilin 5 ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsi xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,6 milyon manat vəsaitin köçürülmüşdür.

Qeyd edilməlidir ki, 2018-ci il üçün daxilolmalar üzrə müəyyən edilmiş Proqnoz tapşırığa əsasən dövlət əmlakının icarəyə verilməsindən il ərzində dövlət büdcəsinə 8 milyon (6,2 milyon manat torpaq sahələri üzrə və 1,8 milyon manat qeyri-yaşayış sahələri üzrə) manat vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. Cari ilin ilk 5 ayının faktiki göstəriciləri illik proqnoz tapşırıqlarına tam əməl ediləciyinə şübhə yeri qoymur.

ƏMDK tərəfindən 2017-ci il ərzində dövlət əmlakının icarəsindən dövlət büdcəsinə  8,7 milyon manat vəsaitin köçürülməsi təmin edilmişdir. Bundan 6,8 milyon manatı (Proqnoz Tapşırığa nisbətdə 110,0%) dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən, 1,9 milyon manatı (Proqnoz Tapşırığın 105%) isə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən daxil olmuşdur ki, bu da ötən ilin proqnoz göstəricisinin artıqlaması ilə icra olunması deməkdir.

Komitə tərəfindən dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi ilə bağlı da elektron xidmət vətəndaşların istifadəsinə verilib. Bu xidmətdən istifadə etməklə onlayn rejimdə icarə haqqı borcunu öyrənmək mümkündür. Xidmətdən istifadə üçün e-emdk.gov.az portalına daxil olmaqla 37-ci bölməyə keçid etmək kifayətdir. Həmin bölmədə “İcarəçinin kodu” xanasına müvafiq kodu daxil etməklə icarə borcu haqqında məlumat əldə edilir. Eyni zamanda vətəndaşların rahatlığı nəzərə alınaraq icarə haqqı borclarının mobil telefon vasitəsi ilə də öyrənilməsi imkanları reallaşdırılıb. Bu məqsədlə, 9193 nömrəsinə icarə haqqı kodu göndərilməklə dərhal icarə borcunu öyrənmək mümkündür.

 

 

Bütün xəbərlər