Bu ilin 4 ayında Naxçıvanda qeydiyyata alınan əmlakın sayı açıqlanıb

11:00 - 22.05.2023


22 may, Fineko/abc.az. 2023-cü ilin ötən 4 ayı ərzində Naxçıvanda qeydiyyata alınan əmlak və torpaq sahələrinin sayı açıqlanıb.

ABC.AZ xəbər verir ki, hesabat dövründə muxtar respublika üzrə 1026 torpaq sahəsi, 86 qeyri-yaşayış binası, 117 qeyri-yaşayış sahəsi, 574 mənzil, 1254 fərdi yaşayış evi, 4 çoxmərtəbəli yaşayış binası, 45 əmlak kompleksi kimi müəssisə olmaqla, ümumilikdə 3106 daşınmaz əmlak obyekti qeydiyyata alınıb.

Həmçinin, 22 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Bununla yanaşı, müraciətlər əsasında 1137 daşınmaz əmlakın texniki pasportu, 1266 torpaq sahəsinin planı və ölçüsü olmaqla, 2403 texniki sənəd hazırlanıb. 2750 texniki sənədin parametrləri daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 3943 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib.