Azərbaycanda icbari sığorta bazarı azalıb

17:40 - 26.10.2017


Yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən 22 sığorta şirkəti 414,353 milyon manat həcmində sığorta haqqı toplayıblar, 188,580 milyon manat həcmində isə ödənişlər ediblər.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə,  könüllü sığorta bazarı üzrə haqlar ötən ilin analoji dövrü ilə müqayisədə 30 milyon 861 min manat artaraq 281 milyon 648 min manat təşkil edib.

“Könüllü sığorta üzrə ödənişlər  22 milyon 302 min manat artaraq 147 milyon 726 min manata yüksəlib. İcbari sığorta bazarındakı göstəricilərdə isə azalma istiqaməti müşahidə edilib. Belə ki, cari ilin 9 ayı ərzində toplanan sığorta haqları 132 milyon 705 min manatdır ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 6 milyon 846 min manat daha azdır. Ödənişlər, 694 min manat azalaraq 40 milyon 854 min manat təşkil edib”, - məlumatda belə deyilir.

Həmçinin qeyd edilir ki, sığorta ödənişlərinin 78%-i könüllü, 22%-i isə icbari sığorta növlərinin payına düşüb.