Türkiyənin xarici ticarət kəsiri yüksəlməyə doğru gedir

12:20 - 30.05.2023


30 may, Fineko/abc.az. 2023-cü ilin aprel ayında Türkiyənin ixracı ötən ilin eyni ayı ilə müqayisədə 17,1% azalaraq 19 milyard 331 milyon dollar, idxal isə 4,8% azalaraq 28 milyard 69 milyon dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər Türkiyə Statistika Təşkilatı (TÜİK) və Ticarət Nazirliyinin birgə ilkin xarici ticarət məlumatları hesabatında öz əksini tapıb.

Sözügedən hesabatda qeyd edilib ki, Türkiyənin xarici ticarət kəsiri ötən ilin eyni ayı ilə müqayisədə 42,1% artaraq 6 milyard 147 milyon dollardan 8 milyard 738 milyon dollara yüksəlib.

Yanvar-aprel dövründəisə  ixrac ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz azalıb. Dəyişiklikdən sonra ixrac 80 milyard 869 milyon dollar olub. Hesabat dövründə idxal isə 7,1 faiz artaraq 124 milyard 313 milyon dollar olub. Yanvar-aprel dövründə xarici ticarət kəsiri 32,9 faiz artaraq 32 milyard 684 milyon dollardan 43 milyard 444 milyon dollara yüksəlib. 2022-ci ilin yanvar-aprel dövründə ixracın idxala nisbəti 71,8 faiz olduğu halda, 2023-cü ilin eyni dövründə 65,1 faizə enib.

Müəllif: Elmir Murad