Avtomobillərə tətbiq edilən gömrük yükü çox ağırdır - Deputat

15:36 - 30.05.2023


30 may, Fineko/abc.az. “Avtomobillərə tətbiq edilən gömrük yükü çox ağırdır. Vətəndaş gedib Gürcüstandan ucuz avtomobil alıb gətirir və aldığı məbləğ qədər, yaxud daha çox rüsum ödəyir. Deyək ki, avtomobili alıb 10 min dollara, ölkədə ya on min, ya da daha çox rüsum ödəməli olur. Bu tarifi doğru hesab etmirəm. Razıyam ki, ölkəmizdə daha çox keyfiyyətli avtomobil istehsal olunsun. Amma bir çox məsələlər kağız üzərində qalır”.

ABC.AZ olke.az-a istinadən xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

“Gəlin görək istehsal, tikinti, idxal və ixrac hamı üçünmü bərabər şərait yaradılır? Xeyr, yaradılmır. Müxtəlif instansiyalarda vətəndaşların başına min oyun gətirirlər. Qanunlarımız superdir, biz çox gözəl qanunlar qəbul edirik, amma bizdən asılı olmayan səbəblərdən qanunlar buradan çıxandan sonra aidiyyəti qurumlar tərəfindən öz keyfinə uyğun yerinə yetirilir. Bu, yolverilməzdir və əməlli-başlı hiddət doğurur”, - deputat qeyd edib.