“Bolt”, “Uber”, “Yango” kimi şirkətlər neqativ hallar yaradırlar - Nazir

11:22 - 31.05.2023


31 may, Fineko/abc.az. Qlobal şirkətlərin ölkəmizdə fəaliyyətə başlaması müsbət haldır – o vaxta qədər ki, bu şirkətlər ölkəmizin qanunlarına, vətəndaşlarımızın hüquqlarına hörmətlə yanaşır. Bildiyiniz kimi, Azərbaycanda bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də xidmətlərin elektronlaşdırılması müsbət qarşılanır. Bu baxımdan, bu şirkətlərin ölkəmizdə fəaliyyətə başlaması bazarda rəqabətin yaranması, müştərilərə təqdim olunan xidmətlərin elektronlaşdırılması baxımından müsbət qiymətləndirilə bilər.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Buna baxmayaraq, nazirin təəssüfləndiyi məqamlar da var:

"Lakin əfsuslar olsun ki, zaman keçdikcə taksi xidmətləri sahəsində qeyd etdiyimiz problemlər üzə çıxmağa başladı. Hesab edirəm, bu sahədə qlobal aqreqator şirkətlər, o cümlədən “Bolt”, “Uber”, “Yango” kimi şirkətlər də problemin böyüməsində mühüm rol oynadı. Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açır.

Belə ki, adıçəkilən şirkətlərdə çalışan sürücülərlə əmək müqavilələrinin bağlanmaması, sürücülərin bəzən 14-16 saat sükan arxasında olması, bunun müqabilində isə gəlirlərinin çox aşağı olması kimi neqativ hallar müşahidə olunur. Eyni zamanda, bu şirkətlər tərəfindən vətəndaşların fərdi məlumatlarının mühafizəsinə dair mövcud qanunvericilik normaları da kobud şəkildə pozulur".

 

Bütün xəbərlər