Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nın ləğvedicisi təyin edildi

16:40 - 1.06.2023


1 iyun, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Günay Bank” ASC-nın lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdu.

ABC.AZ xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanıb.

Bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nın ləğvedicisi təyin edilib.