Mərkəzi Gömrük Hospitalı Gəncədə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi sosial aksiya keçirib

12:18 - 2.06.2023


2 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən Gəncə şəhərində yerləşən Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi sosial aksiya keçirilib.  Tibbi sosial aksiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndələri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova, Mərkəzi Gömrük Hospitalının tibb heyəti iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Gəncə Uşaq Evinin sakinlərini 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, ən xoş arzularını bildirib. İsmayıl Əfəndiyev Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə keçirilən tibbi sosial aksiyalar barədə danışaraq, bu tədbirlərin davamlı olacağını qeyd edib. İsmayıl Əfəndiyev deyib: “Uşaqları müayinə etmək üçün Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri: pediatrlar, uşaq nevroloqları, psixoloq, uşaq cərrahı, kardiolq, ginekoloq, oftolmolaqlardan ibarət yüksəkixtisaslı  həkim briqadası bu aksiya çərçivəsində uşaqları müayinə edəcək,  onlara hədiyyələr təqdim edəcəklər. Aksiya çərçivəsində aktual mövzular olan narkotik vasitələr barədə, ilan sancması və zədələnmələr  zamanı ilk tibbi yardımın göstərilməsi kimi maarifləndirici təlimlərin  də keçirilməsi nəzərdə tutulub”.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev bu sosial tibbi aksiyanın keçirilməsinə göstərdikləri dəstəyə görə başda  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov olmaqla, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının həkimlərinə minnətdarlığını bildirib. O öz çıxışında uşaqları 1 İyun – Uşaqları Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib,  qeyd edib ki, uşaqları “milli sərvət” adlandıran prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu uşaqlar hələ qarşıda daha gözəl günlər keçirəcəklər. O, deyib: “Bilirsiniz ki, bütün dünyada uşaqlar cəmiyyətin gələcəyi sayılır. Bugünkü tədbir də o baxımdan çox əhəmiyyətlidir ki, əgər bizim gələcəyimiz sağlam böyüyürsə, əgər bizim gələcəyimiz tam olaraq quruculuğa hazırdırsa, Azərbaycanı gözəl günlər gözləyir”.

Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin  Mərkəzi Hospitalının rəhbərliyinə, tibbi sosial aksiyada iştirak edən tibb işçilərinə təşəkkürünü bildirib. O, deyib: “Bütün dünyada qeyd edilən Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizdə də əlamətdar bayram kimi keçirilir və Azərbaycanda gələcəyimiz olan uşaqların hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilir. Onların sağlamlığı, inkişafı və yaxşı təhsil almaları üçün böyük layihələr həyata keçirilir. Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum uşaqlar dövlətin himayəsi altında böyüyür və onlara xüsusi diqqət, qayğı göstərilir. Bu gün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının yüksəkixtisaslı həkimlərinin bizim uşaqları müayinə etməsi təqdirəlayiqdir”.

Tədbirin rəsmi açılış hissəsindən sonra Gəncə Uşaq Evinin sakinləri bədii kompozisiya ilə çıxış edib, şeir deyib, mahnılar ifa edib, rəqs ediblər.

Tibbi aksiyadan sonra Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev narkotik vasitələrin və psixotrop maddələrin ziyanı barədə, Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova ilk yardım qaydaları barədə, Mama-ginekologiya  şöbəsinin rəisi Təranə Bayramova qızlar üçün cinsi inkişaf və reproduktiv sağlamlıq barədə, uşaq cərrahı Toğrul Piriyev oğlanlar üçün cinsi inkişaf və reproduktiv sağlamlıq barədə, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə sağlam həyat tərzinin təbliği və tütün istifadəsi ilə bağlı Uşaq Evinin müəllimləri, tərbiyəçiləri və sakinləri üçün təlimlər keçiriblər.

Mərkəzi Gömrük Hospitalının həkimləri Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olmuş 100-ə yaxın uşağı kardioloji, oftalmoloji, travmatoloji, terapevtik və nervoloji müayinə ediblər, məsləhətlərini veriblər və hər birinə kitab hədiyyə ediblər.


Bütün xəbərlər