Prezident Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasının açılışına qatılıb

15:02 - 6.06.2023


6 iyun, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.

Son illərdə paytaxtda modern üslubda tikilən binalar sırasına daha biri əlavə olunub. Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bina barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, yeni binanın tikintisinə 2017-ci ildə başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Müasir memarlıq üslubuna uyğun inşa olunan bina nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.

Binanın hündürlüyü olan 12 metr foyesində “Əbədiyyət” kompozisiyası nümayiş olunur. Kompozisiyanın müəllifi rəssam-heykəltəraş Rəşad Mehdiyevdir.