Azərbaycanda alkoqollu içkilər və tütün məmulatının şəxsi istifadə üçün idxal həddi 3 dəfə azaldılıb

13:23 - 29.06.2018


29 iyun, Fineko/abc.az. Azərbaycan parlamenti hazırda 2018-ci ilin dövlət büdcəsinə düzəlişləri müzakirə edir.

Müzakirələr zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifov qeyd edib ki, dövlət büdcəsinə əlavə daxil olmaları təmin etmək məqsədi ilə “Dövlət rüsumu haqqında” Vergi Məcəlləsinə və qanuna dəyişikliklər təklif edilib.

“Dəyişikliklər, şəxsi istehlak üçün aksiz vergisiz ölkə daxilinə alkoqollu içkilər və tütün məmulatları gətirmək üçün limitin azaldılmasını nəzərdə tutur. Ölkə daxilinə alkoqollu içkilərin idxal limiti 2 dəfə, yəni 3 litrdən 1,5 litrə qədər, siqaretlərin idxal limiti isə 3 dəfə - 600 ədəddən 200 ədədədək azaldılmışdır”, - deyə nazir bildirib.

Düzəlişlərdən sonra 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 110 milyon manat səviyyəsində gözlənilir ki, bu da təsdiq olunmuş proqnozdan 1 milyard 983 milyon manat çoxdur. 2018-ci ilin dövlət büdcəsinin xərcləri düzəlişlərdən sonra 2 milyard 14 milyon manat artaraq 23 milyard 61 milyon manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozdan 3,6% çoxdur. İcmal büdcənin gəlirləri 28 milyard 86,8 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş proqnozdan 3 milyard 981,1 milyon manat və ya 16,5% çoxdur. İcmal büdcə xərcləri 1 milyard 600,2 milyon manat artırılaraq 26 milyard 537 milyon manat təşkil edəcək, nəticədə icmal büdcənin  1 milyard 549,8 milyon manat səviyyəsində artıqlığının  formalaşması proqnozlaşdırılır.

 

Bütün xəbərlər