İşəgötürənlər arasında maarifləndirmə tədbirləri keçirilib

20:29 - 29.06.2018


29 iyun, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Səbail rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və Yasamal rayonunda “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri”, “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında işəgötürənlərin iştirakı ilə seminarlar keçirib.

Səbail rayonunda keçirilən seminar zamanı işçilər üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri, əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, habelə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları və s. diqqətə çatdırılıb.

Yasamal rayonunda təşkil olunan seminarda əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi və s. ilə bağlı görülməli olan tədbirlər barədə işəgötürənlər məlumatlandırılıb. İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yalnız işçinin həyat və sağlamlığının qorunması baxımından deyil, əməyin səmərəliliyinin artırılması, keyfiyyətli məhsul istehsalı üçün də xüsusi önəm kəsb etdiyi bildirilib.

Həmçinin qeyri-rəsmi məşğulluğun mənfi nəticələrindən bəhs olunub, belə halların işçi hüquqlarının pozulmasına səbəb olduğu vurğulanıb. Qeyd olunub ki, qeyri-formal məşğulluq qanunvericiliyin tələblərinə zidd olmaqla, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə mane olur. Bu da qeyri-formal məşğulluq sektorunda çalışan işçilərin dövlətin sosial müdafiə sisteminə çıxış imkanından məhrum olması ilə nəticələnir.

Hər iki seminar zamanı işəgötürənlərin müvafiq mövzularda sualları şəkildə cavablandırılıb.