Qaxda Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlıq məsələlərinə dair konfrans keçirilib

13:56 - 30.06.2018


30 iyun, Fineko/abc.az.  Dövlət Miqrasiya Xidməti ölkə ərazisində yaşayan vətəndaşsızlıq vəziyyətində olan şəxslərin müəyyən edilməsi və onların sənədləşdirilməsi istiqamətində Qax şəhərində regional konfrans keçirib.

Konfransda Qax Rayon İcra Hakimiyyətinin, məhkəmə orqanlarının, polis şöbələrinin pasport və qeydiyyat bölmələrinin səlahiyyətli şəxsləri, bələdiyyə üzvləri və inzibati ərazi dairəsi üzrə icra nümayəndələri, təhsil işçiləri, ictimaiyyət təmsilçiləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev konfransı açaraq ictimaiyyət nümayəndələrinin miqrasiya sahəsində hüquqi maarifləndirilməsi, vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sənədləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin təşkil etdiyi tədbirlərin, görüşlərin, eləcə də gördüyü işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov əvvəlcə Xidmətin fəaliyyət istiqamətlərindən danışıb. Sonra ölkəmizdə insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, insan hüquq və azadlıqlarının təminatı dövlət siyasətinin ali prinsiplərindən biridir.

Bildirib ki, Xidmət tərəfindən 1 iyun 2018-ci il tarixədək 107 min 740 şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən ölkə vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər. Bununla belə, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən hal-hazıradək 2257 nəfər Azərbaycan vətəndaşlığına qəbul, 68nəfər isə bərpa edilib. Vətəndaşlığa qəbul olunmuş şəxslərdən 1529 nəfəri, vətəndaşlığa bərpa edilmiş şəxslərdən isə 44 nəfəri vətəndaşlığı olmayan şəxslərdir.

Şəki regional miqrasiya idarəsinin xidməti ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslərin və qanunsuz yaşayan əcnəbilərin sənədləşdirilməsi üçün yerli icra orqanları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Sonra mövzular ətrafında müzakirələr aparılıb.