Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Sumqayıtda sahibkarlarla görüşüb

18:51 - 30.06.2018


30 iyun, Fineko/abc.az.  İyunun 30-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin inzibati binasında qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlarla görüşüb.

Görüşdə Prezident İlham Əliyevin Qida Təhlükəsizliyi Agentliyinin qarşısında müəyyən etdiyi vəzifələrdən, əhalinin sağlam qida məhsulları ilə təmin edilməsi istiqamətinə qəbul olunan Dövlət Proqramlarından və ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan danışan agentliyin sədri vurğulayıb ki, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması sahibkarlığın inkişafına təkan verir.

Q.Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstəyin göstəriləcəyini, agentliyin mütəxəssisləri tərəfindən sahibkarlara fəaliyyətlərini təkmilləşdirərək müasir standartlara uyğun, peşəkar səviyyədə həyata keçirmələri üçün lazım olan bütün köməkliklərin göstəriləcəyini, mütəmadi olaraq onlara metodiki tövsiyələrin veriləcəyini nəzərə çatdırıb.

Görüşdə eyni zamanda, sahibkarlıq subyektlərində həyata keçirilən monitorinqlər haqqında məlumat verilib və xatırladılıb ki, iyulun 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılmasına başlanılacaq.

Sonda qida sahəsində fəaliyyət göstərən yerli sahibkarlar onları maraqlandıran məsələlər barədə öz fikir və təkliflərini diqqətə çatdırıblar.