“Azərbaycan Dəmir Yolları” (ADY) QSC “ADY Konteyner” MMC-ni təsis etdi

12:49 - 27.10.2017


Azərbaycanda beynəlxalq standartlara cavab verən yük daşımaları sahəsində xidmətlərə olan tələbatın artması, dünyada uzun məsafəli blok qatarlarla daşımalarda rəqabətin genişlənməsi nəzərə alınaraq, “Azərbaycan Dəmir Yolları” QSC-də  “ADY Konteyner” MMC-nin  təsis edilməsi barədə qərar qəbul edilib.

ADY-nın məlumatında deyilənə əsasən, cəmiyyət, dəmir yolu ilə konteyner daşımalarının gerçəkləşdirilməsi, müxtəlif tipli yüklərin daşınması üçün nəzərdə tutulan konteynerlərin satın alınması, konteynerlərlə bağlı bütün növ xidmətlərin yerinə yetirilməsi məqsədilə yaradılıb.

Məlumatda deyilir: Azərbaycanda olan bütün konteyner meydançaları və dəmir yolu konteyner daşımaları “ADY Konteyner” MMC tərəfindən idarə olunur. “ADY Konteyner” MMC Xəzər dənizi, Qara dəniz regionu, Avropa, Orta Asiya, Uzaq Şərq və Fars körfəzi ölkələrindən konteyner daşımaları həyata keçirir, beynəlxalq standartlara uyğun logistika xidmətləri göstərir”.

“ADY Konteyner” MMC  həmçinin,  Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan üzərindən  konteynerlərin daşınması üzrə operatordur.  Bu, 2017-ci il, sentyabrın 8-də, Ukraynanın Odessa şəhərində keçirilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi iclasında qəbul edilən sənəddə əksini tapıb. Sənəddə Azərbaycan Dəmir Yolları QSC-nin  törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin Beynəlxalq Transxəzər  Nəqliyyat Konsorsiumunun üzvləri sırasına daxil edilməsi barədə qərar qəbul edildiyi göstərilir. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstandan yola çıxan 32 konteynerdən ibarət ilk yük qatarının Azərbaycan üzərindən ekspeditoru da məhz “ADY Konteyner” MMC-dir.

 

Bütün xəbərlər