Azərbaycanda dini turizmi inkişaf elətdirmək istiqamətində hansı işlər görülür?

15:16 - 14.07.2023


14 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu ilin ilk 5 ayı ərzində Azərbaycana gəlmiş 452 min 359 nəfər əcnəbi turistdən 802 nəfəri (0,18%) dini ziyarət məqəsdi ilə Azərbaycana səfər edib. 

Dini ziyarət üçün gələnlərin yarıdan çoxu, yəni 480 nəfəri Rusiya vətəndaşı olub.

Bəs görəsən turizmin bu istiqamətini Azərbaycanda daha da inkişaf elətdirmək olarmı. Elə bu sualla Dövlət Turizm Agentliyinə müraciət etdik.

Agentliyin Mətbuat katibi Gülnar Mustafaeva ABC.AZ-a açıqlamasında bildirdi ki, hazırda dini turizmin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilməyib. Buna baxmayaraq, Agentlik rəsmisi bu istiqamətdə Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda müəyyən turizm məhsullarının olduğunu bildirdi. O buna misal olaraq bir sıra qoruqları göstərdi, o cümlədən bir sıra abidələrdə bərpa işlərinin görüldüyünü qeyd etdi: "Yanardağ və Atəşgah qoruqlarının Hindistandan gələn turistlərin diqqətini çəkməsi, Diri Baba türbəsi, Beşbarmaq kimi ziyarətgahların və ya tarixi məscidlərin müsəlman ölkələrindən olan turistlər tərəfindən ziyarət edilməsini qeyd edə bilərik.

Dövlət Turizm Agentliyi tərəfindən tabeliyindəki qoruqlarda olan maddi-mədəni irsin bir hissəsi kimi dini əhəmiyyətli abidələrin də mühafizəsi və bərpası həyata keçirilir. 

Ötən il “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunda aparılan bərpa və yenidənqurma işlərinin tərkib hissəsi kimi ölkə əhəmiyyətli abidə siyahısında olan Şəki Xan Məscidi kompleksi Dövlət Turizm Agentliyinin sifarişi ilə Memarlıq və İnşaat Universiteti tərəfindən hazırlanan layihə əsasında Heydər Əliyev Fondu tərəfindən bərpa edilib.  Bundan əlavə “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində icrası nəzərdə tutulan tikinti-bərpa işləri çərçivəsində tarixi-memarlıq abidələrindən biri olan Hacı Bədəl məscidinin bərpasının layihələndirmə işləri aparılır.  Eyni zamanda Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı yenidənqurma işləri aparılıb".

Müəllif: Elmir Murad