“Buta Airways” Sankt-Peterburqda təqdimat keçirmişdir

17:28 - 27.10.2017


Cümə günü Sankt-Peterburqda “Buta Airways” aviaşirkətinin turizm agentlikləri üçün təqdimatı keçirilmişdir.

Təqdimatda Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Sultan Qasımov, “Vozduşnıe Vorota Severnoy Stoliçi" ("Воздушные Ворота Северной Столицы") MMC-nin kommersiya direktoru Yevgeni İlyin, “Silk Way Travel” turizm agentliyinin nümayəndələri, Rusiyanın kütləvi informasiya vasitələri və yüzdən çox turizm agentliklərinin nümayəndələri iştirak etmişdirlər.

“Super Avia” şirkətinin turizm üzrə direktoru Olqa Voykina çıxışı zamanı Azərbaycanın turizm imkanları haqqında danışmışdır. O vurğulamışdır ki, Azərbaycanda həm qış və yay istirahəti, həm də ekskursiya və müalicə-sağlamlıq turizmi üçün şərait yaradılmışdır.

Təqdimatın sonunda hədiyyə uduşları oynanılmışdır.

Qeyd edək ki, Bakı - Sankt-Peterburq istiqamətində uçuşlar oktyabrın 30-dan etibarən yerinə yetiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi bu istiqamət üzrə də minimal qiymət 29 avro (bir tərəfə) təşkil edir. Uçuşlar çərşənbə axşamı və bazar günündən başqa hər gün yerinə yetiriləcək. Bakıdan uçuş yerli vaxtla saat 08:00-da, Sankt-Peterburqdan uçuş isə yerli vaxtla saat 12:10-da həyata keçiriləcək.

“Büdcə” və “Standart” tarifləri üzrə aviabiletləri rəsmi saytda əldə etmək mümkündür. 10 kq-dək çəkisi olan əl yükü (55x35x20 sm ölçülərini gözləmək şərtilə), çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri  agentliklərin bütün satış ofislərində əldə edə bilərsiniz.

Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. Uçuşlar 2017-ci ilin sentyabr ayından yerinə yetirilməyə başlanmışdır.

Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Bütün xəbərlər