“Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri” mövzusunda beynəlxalq tədbir keçirilir

15:29 - 3.07.2018


3 iyul, Fineko/abc.az. Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə 4-cü təlim kursuna başlanılıb. Bu dəfəki kurs “Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri” mövzusuna həsr olunub.

Dörd gün davam edəcək təlim kursunun açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, ölkəmizdə səfərdə olan Litvanın sosial təminat və əmək nazirinin müavini Eqle Radisauskiene, BƏT-in baş mütəxəssisi Mixail Puşkin, BMT İnkişaf Proqramının qrup rəhbəri Corc Buma iştirak edib.

S.Babayev əhalinin səmərəli məşğulluğuna yönəlik tədbirlərin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb. Nazir bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da yeni imkanlar yaradıb.

Digər sahələrdə olduğu kimi, bu sahədə də BƏT tərəfindən fəal dəstəyin göstərildiyini qeyd edən S.Babayev hazırda başlanan yeni təlim kursunun gənclərin məşğulluğunun təşviqi, bununla bağlı aktiv əmək bazarı siyasətləri üzrə əməkdaşların bilik səviyyəsinin artırılması, eləcə də ayrı-ayrı ölkələrin müvafiq sahədə təcrübələri ilə tanışlıq imkanı qazanmaları, təcrübə və fikir mübadiləsinin aparılması baxımından önəmini diqqətə çatdırıb.

Tədbirdə M.Musayev, İ.Əliyev, E.Radisauskiene, M.Puşkin, C.Buma çıxış edərək, belə təlim kurslarının əhəmiyyətindən bəhs ediblər. Sonra BƏT-in “MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizarronun “Gənclərin məşğulluğunu dəstəkləyən makroiqtisadi yanaşma və əmək bazarı siyasətləri” mövzusunda təqdimatı olub.

Panel müzakirələr formatında davam edən kursun gündəliyinə beynəlxalq və yerli mütəxəssislər tərəfindən “Məşğulluq xidməti orqanlarına ümumi baxış və əməkdaşlıq, aktiv və passiv əmək bazarı proqramları”, “Azərbaycanın məşğulluq xidməti orqanları tərəfindən icra olunan aktiv əmək bazarı proqramlarına ümumi baxış”, “Gənclərin məşğulluğunun təşviqi üzrə Məşğulluq Xidməti orqanlarının portfeli”, “Məşğulluq Xidməti orqanlarının təlim və təhsil proqramları”, “Gənclərin işə qəbulu üzrə müəssisələrin təşviqi: subsidiyalı məşğulluq”, “Özünüməşğulluğun təşviqi üzrə Azərbaycan təcrübəsi”, “Özünüməşğulluq və gənc sahibkarların dəstəklənməsində Məşğulluq Xidməti orqanlarının rolu”, “Məşğulluq Xidməti orqanlarının həssas əhali qruplarına yönəlik proqramları”, “Qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçid prosesində Məşğulluq Xidməti orqanlarının iştirakı” və s. mövzularda təqdimatlar, fəaliyyət planlarının hazırlanması daxildir.

 

Bütün xəbərlər