İlham Əliyev Finlandiyanın xarici ticarət və inkişaf nazirini qəbul edib

16:17 - 5.07.2018


5 iyul, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı dövlət başçısı Finlandiyanın xarici ticarət və inkişaf nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi və bunun üçün geniş potensialın mövcud olduğunu vurğuladı.

İlham Əliyev qonşu dövlətlər və tərəfdaş ölkələr arasında nəqliyyat əlaqələrinin yaranmasına fəal sərmayə qoyduğunu və ölkənin Şərq-Qərb əhəmiyyətli nəqliyyat dəhlizinə çevrildiyini bildirdi. "Şimal-Cənub" nəqliyyat layihəsinin uğurla həyata keçirilməsi başlandı. Azərbaycan bu sahədə böyük investisiyalar yatırır.

İqtisadi əməkdaşlığı genişləndirmək baxımından biznes sektorunda fəaliyyətin artırılmasının vacibliyini qeyd etdi. Azərbaycanda Finlandiyanın bir neçə şirkətinin çalışmasına toxunan Prezident İlham Əliyev bu şirkətlərin sayının daha da artırılmasının mümkün olduğunu dedi və bildirdi ki, Azərbaycanın iqtisadi inkişafı, perspektiv planlar, güclü iqtisadi infrastruktur digər xarici şirkətlər kimi, Finlandiya şirkətlərinin də iqtisadiyyatımızın müxtəlif sahələrində fəal çalışmaları üçün yaxşı imkanlar yaradır.

Finlandiyanın xarici ticarət və inkişaf naziri Anne-Mari Viroleynin səfər zamanı məhsuldar görüşlər keçirəcəyinə ümidvar olduğunu söylədi və qeyd etdi ki, Azərbaycan ilə Finlandiya arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var.

Tərəflər həmçinin Finlandiyanın energetika, tranzit, infrastruktur layihələri, peşə təhsili, iş adamları arasında ticarət əlaqələrinin genişləndirilməsi, sərmayələr, ekologiya sahəsində əməkdaşlıq perspektivləri və digər sahələrdə iştirakı ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Bütün xəbərlər