“Google” 93 milyon dollar təzminat ödəyəcək

10:16 - 15.09.2023


15 sentyabr, Fineko/abc.az. “Google” geolokasiya konfidensiallığını pozduğuna görə Kaliforniya ştatına 93 milyon dollar təzminat ödəyəcək. Tərəflər arasında razılaşma əldə olunub.

ABC.AZ xəbər verir ki, bu barədə “Associated Press” nəşri yazıb.

Yazıda qeyd edilib ki, əldə olunmuş razılaşma şirkətin istifadəçilərin yerlərini necə izlədiyinə dair təhqiqatı yekunlaşdırmaq üçün 2022-ci ilin noyabrında əldə edilən 40 ştatla 391,5 milyon dollarlıq təzminatdan sonra həyata keçirilir.

Ştatların təhqiqatına 2018-ci ildə “Associated Press”in məqaləsi səbəb olub. Belə ki, nəşrin sözügedən məqaləsində deyilib ki, “Google” “məkan tarixçəsi” adlı xüsusiyyəti deaktiv edərək izləmədən imtina edildikdən sonra belə, insanların geolokasiya verilənlərini izləməyə davam edib.

“Son illərdə etdiyimiz təkmilləşdirmələrə uyğun olaraq, illər əvvəl dəyişdirdiyimiz köhnəlmiş məhsul siyasətlərinə əsaslanan bu məsələni həll etdik”, – şirkətin açıqlamasında bildirilib.

 

Bütün xəbərlər