Rusiyaya avtomobillə səfər edənlərə “Yaşıl Kart” verilişi dayandırılıb

11:12 - 22.09.2023


22 sentyabr, Fineko/abc.az. Azərbaycandan Rusiyaya avtomobillə səfər edənlərə “Yaşıl Kart” verilişi dayandırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan (İSB) bildirilib. Belə ki, Beynəlxalq Bürolar Şurası bu il iyun ayının 30-da Rusiya Federasiyasını üzvlüyünə xitam verib. Bununla əlaqədar olaraq, digər üzv ölkələrlə yanaşı, Azərbaycandan da Rusiyaya səfər edən nəqliyyat vasitələrinə “Yaşıl Kart” sığorta müqaviləsinin verilməsi dayandırılıb.

İSB-dən qeyd edilib ki, mövcud "Yaşıl Kart" sığorta müqavilələri üzrə sığorta müddəti bitənədək qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşmaya əsasən öhdəliklər yerinə yetirilir və təminat davam edir. Bürodan həmçinin onu da əlavə ediblər ki, Rusiya Federasiyasına gedən nəqliyyat vasitəsi sahibləri mülki məsuliyyətlərini Rusiya qanunvericiliyinə uyğun olaraq sığortalamalıdırlar: "Bu təminat əlaqədar ölkə qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməyə səlahiyyəti olan sığorta şirkətləri tərəfindən təqdim edilən sərhəd sığortası şəhadətnamələri ilə təmin edilməkdədir".