Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 23 faiz artıb

16:55 - 22.09.2023


22 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,0 faiz artaraq 1 milyon 209,0 min nəfər olub.

Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 33,6 faiz, Türkiyəyə gedənlərin sayı 13,7 faiz artmış, İrana gedənlərin sayı 20,0 faiz azalmışdır.

Ölkə vətəndaşlarının 44,3 faizi Türkiyəyə, 21,3 faizi Rusiya Federasiyasına, 9,1 faizi Gürcüstana, 7,4 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil edib.

2023-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 28,8 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.