Azərbaycana gətirilən 50 min dollardan artıq vəsaitlə bağlı QƏRAR

10:58 - 26.09.2023


26 sentyabr, Fineko/abc.az. Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması təsdiq edilib.

Asayis.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu sənəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həmin Qanunda qeyd edilən məlumat və sənədlərin tərtib olunma formasını tənzimləyir.

Dövlət Gömrük Komitəsi valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətlərinin bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətlərini aşkar etdikdə bu barədə məlumat və sənədləri araşdırmanın aparılması üçün Azərbaycan RespublikasınınMaliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir.

Dövlət Gömrük Komitəsi “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olduqda bu barədə məlumat və sənədləri Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir.