Naxçıvanda Enerji Forumu keçiriləcək

15:47 - 27.09.2023


27 sentyabr, Fineko/abc.az. Bu ilin sentyabrın 28-29-da Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçiriləcək.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2 gün davam edəcək tədbirin birinci günündə karbohidrogen və neft-kimya məhsulları, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, enerji tənzimləmə, bərpa olunan enerjidən istifadə və mədənçilik istiqamətləri üzrə fəaliyyət göstərən birgə işçi qruplarının iclasları keçiriləcək.

Tədbirin ikinci günündə isə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı baş tutacaq. Tədbir çərçivəsində enerji keçidi, yaşıl enerji zonası, Naxçıvanın yaşıl enerji potensialı və digər mövzularda plenar sessiyaların keçirilməsi və hər iki ölkənin bir sıra yüksək vəzifəli şəxslərinin çıxışları nəzərdə tutulur.