İlham Əliyev: Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir

12:34 - 10.07.2018


10 iyul, Fineko/abc.az. Azərbaycanda qeyri-qanuni tikililərə vahid nəzarət mexanizmi tətbiq oluna bilər.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib ki,  narahatlığa səbəb olan daha bir sahə inşaat sektorudur.

“Son illərdə bu sahədə böyük işlər görülüb. Azərbaycanın demək olar ki, bütün şəhərləri tikinti meydançasına çevrilibdir. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən qoyulan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan vermişdir. Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır”, - dövlət başçısı belə deyib.

Onun sözlərinə görə, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar.

“Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk”, - İ.Əliyev belə deyib.

“Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu təkcə biz demirik. Bunu demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”, - dövlət başçısı belə deyib.

 

Bütün xəbərlər