Dövlət Neft Fondunun xarici valyuta satışı kəskin azalıb - 9 ayın hesabatı

17:30 - 3.10.2023


3 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin sentyabr ayında valyuta hərraclarında $164,5 milyon məbləğində xarici valyuta satıb.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, ARDNF 2023-cü ilin avqust ayında $93,9 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, sentyabrda xarici valyuta satışının həcmi 75,2% artıb.

2023-cü ilin yanvar-sentyabr aylarında ARDNF valyuta hərraclarında $2 milyard 102,2 milyon məbləğində xarici valyuta (2022-ci ilin 9 ayı ilə müqayisədə azalma 45,5%) satıb.

Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir. Mərkəzi Bank hərracların bir çoxunda təklifin tələbi üstələdiyini qeyd edir.

Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta satıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 30% azdır.