Ekologiya və Təbii Sərvətlər nazirliyi və Caspian European Club əməkdaşlığı genişləndirir

10:45 - 11.07.2018


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə Klubun nümayəndə heyətini qəbul edib.

Görüş zamanı ikitərəfli əməkdaşlığı genişləndirmək imkanları, Caspian European Club-un fəaliyyəti, eyni zamanda ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Telman Əliyev göstərilən diqqətə və Caspian European Club ilə sıx əməkdaşlığa görə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə minnətdarlığını bildirib.

O, ikitərəfli əməkdaşlığın ekologiya və təbii sərvətlər sahəsindəki problemlərin həllinə yardım edəcəyinə, Caspian European Club-un isə öz növbəsində bizneslə Nazirlik arasında fəal dialoqun davamı üçün təkliflər üzrə səylərini əsirgəməyəcəyinə ümid bəslədiyini deyib.

Görüşün yekununda daimi işçi qrupun yaradılması haqda razılıq əldə olunub. İşçi qrup çərçivəsində Caspian European Club, Caspian American Club və Caspian European Club-un üzv şirkətlərinin ekologiya və təbii sərvətlər sektorundakı problem, xahiş və təklifləri operativ şəkildə müzakirə olunacaq.

Muxtar Babayev sentyabrın 20-də keçiriləcək Beynəlxalq Caspian Energy Forum Baku-2018-in təşkilini yüksək qiymətləndirərək tədbirdə iştirak edəcəyini bildirib.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.