Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

11:35 - 11.07.2018


11 iyul, Fineko/abc.az. Artıq müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlər məlumdur. Bundan sonra müsabiqədə iştirak etmək hüququ qazanmış namizədlərin qarşısında ixtisas seçimi aparmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur. Bu məqamda düzgün qərar qəbul etmək, öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini (“Rezidentura səviyyəsinə qəbul imtahanının nəticələri ilə əlaqədar statistik məlumat”) nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər. 

Əziz namizədlər, bilirik ki, sizi ötən illərin müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlandırır. Keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə sizin üçün istiqamətverici rol oynaya bilər. 2017-ci ildə rezidenturaya qəbul müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmağı da məsləhət görürük (“Rezidentura” jurnalı №3, 2018)

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
  • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Namizədlərə ixtisas seçimindən əvvəl həkim-mütəxəssis olmaq istədiyi sahə üzrə qısa araşdırma aparmağı, təhsil almaq istədiyi tibb müəssisələrinin tələbləri, maddi-texniki bazası, kadr potensialı, onların elmi fəaliyyət istiqamətləri və s. ilə tanış olmağı tövsiyə edirik. 

Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 16‑dək aparılacaqdır. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

 

 

Bütün xəbərlər