Bu sənaye parklarındakı rezidentlər bəzi vergilərdən azad olunacaq - Açıqlama

15:06 - 19.10.2023


19 oktyabr, Fineko/abc.az. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında da əlverişli investisiya mühiti yaradılır:

ABC.AZ xəbər verir ki, bunu Report-a açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

O qeyd edib ki, parkların rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. "Eyni zamanda qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Həmçinin bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi; aylıq vəzifə maaşına əlavələrin hesablanması; 600 manat birdəfəlik müavinət verilməsi) iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkarın istehsal prosesində istifadə edəcəyi bir sıra xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunur.

Həmçinin istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 %-i qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir”.