MDB ölkələrindən Azərbaycana səfər edənlərin sayında artım var - HESABAT

14:24 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə Azərbaycana MDB ölkələrindən gələnlərin sayı 1.6 dəfə artaraq 619.2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 39.5 faiz artaraq 77.8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9.3 faiz azalaraq 257.1 min nəfər olub.

Dövlət Sərhəd Xidmətdən ABC.AZ-a daxil olan məlumata görə, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72.2 faizi hava, 26.5 faizi dəmir yolu və avtomobil, 1.3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 24.7 faiz artaraq 1384.8 min nəfər olub.

Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 49.5 faiz, Gürcüstana gedənlərin sayı 31.7 faiz, Türkiyəyə gedənlərin sayı 17.5 faiz artmış, İrana gedənlərin sayı 17.0 faiz azalmışdır.

Ölkə vətəndaşlarının 44.6 faizi Türkiyəyə, 21.2 faizi Rusiya Federasiyasına, 9.0 faizi Gürcüstana, 7.4 faizi İrana, 17.8 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65.0 faizini kişilər, 35.0 faizini qadınlar təşkil edib.

2023-cü ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68.6 faizi hava, 28.9 faizi dəmir yolu və avtomobil, 2.5 faizi isə dəniz nəqliyyatından istifadə edib.