Əcnəbilər ən çox bu bölgələrdəki mehmanxanalara gediblər - SİYAHI

15:02 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27.6 faiz artaraq 2 610.9 min olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81.8 faizi Bakıda, 4.4 faizi Qəbələdə, 3.8 faizi Qubada, 3.5 faizi Qusarda, 3.5 faizi Naftalanda, 0.5 faizi Şabranda, 2.5 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19.8 faiz artaraq 1 215.7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 46.6 faizini təşkil edir.

2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37.4 faiz artaraq 369.8 milyon manat olub ki, onun da 60.6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27.3 faizi ictimai iaşə xidmətlərindən, 3.7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8.4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 20.8 faiz səviyyəsində olub (2022-ci ilin yanvar-sentyabr aylarında 16.3 faiz). Bu göstərici Naftalanda 53.8 faiz, Şabranda 52.9 faiz, Qubada 32.3 faiz, Bakıda 29.6 faiz, Beyləqanda 27.3 faiz, Lənkəranda 26.6 faiz, Bərdədə 23.0 faiz, Ağcabədidə 21.0 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.