Kəlbəcər və Laçın rayonları qış turizmi üçün yeni obyektlər qurulacaq?

17:13 - 14.11.2023


14 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyi qarşıdakı dövrlərdə turizmin inkişaf etdirilməsi istiqamətində atıılacaq addımları açıqlayıb.

ABC.AZ xəbər verir ki, Agentlikdən bildirilib ki, hazırda ölkə üzrə 3 əsas qış turizm mərkəzi – “Şahdağ” Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasında yerləşən Ağbulaq İstirahət Mərkəzi turistlərə xidmət göstərir:

“Qış turizm destinasiyalarına daha çox MDB ölkələri və Yaxın Şərq regionundan olan turistlər üz tuturlar. Həmçinin Avropa bazarından olan turistlərin də daha çox səfərlərinin təmin edilməsi istiqamətində işlər aparılır. Müasir infrastruktura malik qış turizm mərkəzlərinin mövcudluğu ölkəmizdə qış idman növləri üzrə beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Plenar Assambleyasına və xizək alpinizmi üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək”.

İşğaldan azad edilmiş ərazilərdə qış turizmi ilə bağlı işlərə gəlincə isə qeyd edilib ki, Kəlbəcər və Laçın rayonları qış turizminin inkişaf etdirilməsi üzrə geniş potensiala malikdir. Qış aylarında havanın temperaturu, yağıntılı və qarlı günlərin sayı, relyef, dağın hündürlüyü və meylliliyi kimi amillər nəzərə alınaraq bu ərazilərdə qış turizm mərkəzlərinin yaradılması məqsədəuyğun hesab edilə bilər.

“Xüsusilə Kəlbəcərin sağlamlıq turizm potensialı da nəzərə alınaraq turizm resurslarının bir ərazi ətrafında paralel inkişafı müxtəlif seqmentli turistlərin cəlb olunmasına, həmçinin beynəlxalq praktikada olduqca geniş istifadə olunan sağlamlıq turizmi və dağ-xizək mərkəzlərinin birlikdə turizm klasteri formalaşdırmasına şərait yarada bilir. Hazırda mart ayından etibarən Şuşaya təşkil olunan turlar davam etməkdədir. Yaxın gələcəkdə Suqovuşan istirahət parkı və Talış kəndinə turistik turların təşkil edilməsi planlaşdırılır” – deyə vurğulanıb.