Birlik sədri Statistika Komitəsinin açıqlamsını təkzib etdi - Yumurtanın qiyməti artmayıb

16:11 - 15.11.2023


15 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi, bir neçə gün əvvəl Dövlət Statistika Komitəsi oktyabrda bahalaşmış və qiyməti ucuzlaşmış məhsulların hesabatını açıqlamışdı.

ABC.AZ xəbər verir ki, oktyabrda ərzaq məhsullarının, xüsusən də yumurtanın və tərəvəzlərin qiymətində kəskin artım baş verib.

Belə ki, yumurtaların qiyməti sentyabr ayına nisbətən 8,7 faiz, tərəvəzlərin qiyməti 6,5 faiz bahalaşıb. “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli isə Dövlət Statistika Komitəsinin məlumatı ilə razılaşmır.

Onun sözlərinə görə, yumurta əvvəl necə 15, 16, 17 qəpiyə təklif olunurdusa, elə indi də həmin qiymətə satılır:

“Əvvəl düşünürdük ki, sentyabrda məktəblərin açılması ilə əlaqədar yumurtanın qiyməti arta bilər. Lakin bu, baş vermədi. Nəzərə alaq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yumurta 1-2 qəpik, toyuq əti isə 4-5 faiz aşağı qiymətə təklif olunur. Söhbət topdansatış qiymətlərindən gedir. Ola bilsin ki, şəbəkə marketləri və kiçik mağazalar yumurtanı 1-2 qəpik baha satsınlar. Ümumilikdə isə yumurtanın qiymətinin artmasına heç bir əsas yoxdur”.

Bütün xəbərlər