Bu ölkədə yalnız qadınlar üçün Bank açıldı

15:04 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. Zimbabvedə hətta qadınlar bankı da təsis edilib. Ölkədə qadın məsələləri ilə bağlı ayrıca nazirliyin olması da hökumətin bu məsələyə necə yanaşmasının göstəricisidir.

ABC.AZ xəbər verir ki, bunu Zimbabvedə Qadın İşləri üzrə İcma, Kiçik və Orta Müəssisələrin İnkişafı naziri Mutsvangva Monica noyabrın 20-də Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.

“Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş bəyanatlar tərəfimizdən qəbul olunub. Qadınlara hüquqlarının qorunmasına böyük əhəmiyyət veririk, qadınlar bütün sahələrdə bərabər təmsil olunurlar. Biz seçki ilə təyin olunan vəzifələrdə qadın-kişi bərabərliyinə önəm veririk. Genderlə bağlı məsələlər Konstitusiyada öz əksini tapıb. Zimbabvedə gender əsaslı zorakılığın aradan qaldırılması məqsədilə yüksək səviyyəli pakt imzalanıb. Biz dövlət səviyyəsində qadınların hüquqlarına çox böyük əhəmiyyət verdiyimizi bu şəkildə nümayiş etdiririk. Qadınlar bankı da ölkəmizdə təsis edilib. Ölkədə qadın məsələləri ilə bağlı ayrıca nazirliyin olması da hökumətin bu məsələyə necə etinayla yanaşmasının göstəricisidir. Bütün vəzifələrdə, xüsusilə qərarverici orqanlarda qadınların təmsil olunması bizim üçün vacibdir. Zimbabve Respublikasının Prezdenti ilk dəfə olaraq Baş Prokuror vəzifəsinə qadın təyin etmişdir və bir sıra yüksək vəzifələr qadınlara həvalə olunub. Səhiyyə xidmətləri də Zimbabvedə qadınlar üçün yüksək səviyyədə təmin olunur. Kənd təsərrüfatında da böyük islahatlar aparılıb. Qadınlara həyata keçirilən islahatlar nəticəsində torpaq sahələri verilib. Qadınların kənd təsərrüfatında iştirakı Qadın Fermerlər Assosiasiyasını da bu işə cəlb edib. Bu da kənd yerlərində qadın fermerlərin gəlirinin artmasına gətirib çıxarıb”, - deyə əlavə edib.