Azərbaycan və İran gömrük xidmətləri arasında işçi görüş keçirilib

16:35 - 16.07.2018


Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib.

Nümayəndə heyətləri İranın Culfa və Azərbaycanın Naxçıvan şəhərində bir araya gəliblər.

Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, İranı isə Maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Fərud Əsgəri və digər rəsmi şəxslər təmsil edib.

Öncə İran İslam Respublikasının Culfa şəhərində baş tutan görüşdə iki qonşu ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açılıb, Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.

İran İslam Respublikası Maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Fərud Əsgəri İran hökumətinin hər zaman Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu deyib, bütün sahələrdə, o cümlədən gömrük işində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib.

Birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini bildirən Fərud Əsgəri tərəflər arasında bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsində önəmini vurğulayıb, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin əməkdaşlığın davamlı inkişafına müsbət təsirindən danışıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan və İran arasında tarixi bağlılığa toxunaraq iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb.

Komitə sədri Azərbaycan və İran dövlət başçılarının rəhbərliyi ilə iki ölkə arasında uğurlu əməkdaşlıq və səmimi qonşuluq, qarşılıqlı etimad və anlaşmaya söykənən Azərbaycan-İran əlaqələrinin daha da genişləndiyini söyləyib. Qarşılıqlı münasibətlərin uğurlu inkişafında gömrük xidmətlərinin də mühüm rolunu diqqətə çatdıran Səfər Mehdiyev əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə İran İslam Respublikasının Gömrük İdarəsi arasında iki ölkənin gömrük sərhədindən keçən mal və nəqliyyat vasitələrinə dair reallaşdırılan ilkin məlumat mübadiləsinin pilot layihəsinin artıq tam həyata keçirilməsi üçün müzakirələr aparılıb, o cümlədən, qaçaqmalçılıqla mübarizə və tranzit keçid sahəsində bəzi məsələlər müzakirə olunub.

Azərbaycan tərəfi İran gömrüyündə “bir pəncərə” prinsipinin tətbiqinə dair təklif irəli sürüb və bu istiqamətdə Azərbaycan Gömrük Xidmətinin təcrübəsinin öyrənilməsi və dəstək göstərməsi razılaşdırılıb.

Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş daha sonra Azərbaycanın Naxçıvan şəhərində davam etdirilib.

Öncə nümayəndə heyətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini yad ediblər.

Nümayəndə heyətləri Naxçıvan şəhərində Heydər Əliyev Muzeyini də ziyarət edib, burada dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.

Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisində İran İslam Respublikası Maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Fərud Əsgərinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşdə İran İslam Respublikası nümayəndə heyətinin rəhbəri Fərud Əsgəri deyib ki, bu gün İran və Azərbaycan gömrük nümayəndələri arasında keçirilən görüşdə gömrük-keçid məntəqələrinin iş saatının artırılması, yüklərin tranzit keçidinin sadələşdirilməsi və sürətləndirilməsi, eləcə də elektron məlumat mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub. Qonaq İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında gömrük sahəsindəki əməkdaşlığın əhəmiyyətini qeyd edib və bu sahədə səylərin artırılacağını bildirib.

Ali Məclisin Sədri Vasif Talıbov Azərbaycan-İran əlaqələrindən bəhs edərək son illər hər iki ölkə prezidentlərinin davamlı görüşdüklərini və bunun ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan və İran gömrük nümayəndələrinin görüşü də ölkələrimiz, eləcə də Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. İran İslam Respublikasına sonuncu səfərinin səmərəli olduğunu bildirən Ali Məclisin Sədri keçirilən görüşlərdə gömrük sahəsində əməkdaşlığın da müzakirə olunduğunu və müsbət nəticələr əldə olunduğunu bildirib.

Qeyd edək ki, görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov və İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrom da iştirak edib.

Dahasonra Naxçıvan Dövlət Gömrük Komitəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə iki qonşu ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi, bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bir daha qeyd edilib.

Görüşdə, həmçinin bu ilin mayından etibarən Azərbaycan Respublikası ilə İran İslam Respublikası sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejimində fəaliyyət göstərməsinin əhəmiyyətinə toxunulub, hər iki dövlətin ərazisindən keçən tranzit daşımalarının artırılması, iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan müvafiq addımların əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Sonra tərəflər arasında əvvəlki görüşlərdə müzakirə edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bütün məsələlərin araşdırılması və təhlil olunması məqsədilə İşçi Qrup yaradılıb.

Görüşün sonunda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Gömrük İdarəsi arasında 2018-2019-cu illər üçün gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı” və Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüşün Protokolu imzalanıb.

Sənədləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və İran İslam Respublikası Maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Fərud Əsgəri imzalayıb.

 

Bütün xəbərlər