Azərbaycan daha bir Avropa ölkəsinə qaz tədarükünə başlayır

10:50 - 22.11.2023


22 noyabr, Fineko/abc.az. 2024-2026-cı illərdə Serbiya Azərbaycandan illik 400 milyon kubmetrədək qaz alacaq, 2027-ci ildən etibarən tədarükün həcmi 1 milyard kubmetrədək artacaq. Bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç bəyan edib.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, nazirin sözlərinə əsasən, Azərbaycanla qaz nəqli üçün bütün məsələlər artıq həll olunub.

Xəbər verildiyi kimi, 15 noyabr 2023-cü ildə Bakıda SOCAR və “Srbijagas” arasında 2024-cü ildə Serbiyaya 400 milyon kubmetrə qədər qazın nəqli haqqında müqavilə bağlanıb

Bununla Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq.

Azərbaycan 2022-ci ildə qaz ixracını 18% – 22.3 milyard kubmetrə qədər artırıb. Avropaya 11.4 milyard kubmetr qaz (+39%) ixrac edilib.

2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24.5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.

Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. 2023-cü ilin sonunadək Macarıstana qaz tədarükünə başlanılacaq.

Bundan başqa, Türkiyə və Gürcüstan da Azərbaycan qazının alıcılarıdır.

 

Bütün xəbərlər