Bakı Limanında 4 dəmir yol xətti və terminal tikiləcək

16:51 - 23.11.2023


23 noyabr, Fineko/abc.az. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində çeşidləmə məntəqəsində əlavə dörd dəmiryol xəttinin və konteyner terminalının tikintisi nəticəsində yüklərin çeşidlənməsində operativlik təmin ediləcək.

ABC.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, Bakı Limanında və Hövsan Limanında dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarəti, eləcə də digər rəsmiləşdirmənin səmərəli qaydada aparılmasını təmin edən infrastruktur yaradılacaq, Bakı Limanında yük terminalının konteyner üzrə yükaşırma qabiliyyətinin artırılması üçün infrastruktur genişləndiriləcək və zəruri avadanlıqlar alınacaq, idxal, ixrac rejimli yüklər üzrə genişfunksiyalı əməliyyat imkanlarının yaranması nəticəsində Şərq−Qərb istiqamətində yükdaşımalarda konteyner yüklərinin payı artırılacaq, habelə yük avtomobil nəqliyyat vasitələrinin bir mərkəzdə cəmləşməsi (regional qovşaq konsepsiyasına uyğun) təmin ediləcək, Bakı Limanında və Dübəndi Terminalında dibdərinləşdirmə işlərinin aparılması nəticəsində limanın və terminalın akvatoriyasına yükgötürmə qabiliyyəti və suya oturumu daha yüksək olan gəmilərin girişi təmin ediləcək.

 

Bütün xəbərlər