AYİB-in Azərbaycan üzrə investisiya portfelində artımın səbəbləri açıqlandı

11:46 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan üzrə investisiya portfelində ötən ay kəskin artımın səbəbini açıqlayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, ötən ay AYİB böyük bir layihəyə imza atıb.

Qeyd olunub ki, hazırda AYİB 240 meqavatlıq “Xızı-Abşeron” külək elektrik stansiyasının tikintisini maliyyələşdirir.

“Bu layihənin icrası üçün Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinə 197.1 milyon ABŞ dolları (186.9 milyon avro) məbləğində sindikatlaşdırılmış kredit ayrılıb. 240 MVt gücündə bərpa olunan elektrik stansiyası istismara verildikdən sonra, ildə 893 giqavat/saata qədər təmiz elektrik enerjisi istehsal edəcək. Yəni, investisiya portfelində artımın böyük hissəsi bununla bağlıdır” – bankın açıqlamasında bildirilib.

Qeyd edək ki, bankın Azərbaycan üzrə portfelinin həcmi bu il oktyabrın 31-nə 948 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) artıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 16.5% və ya 134 mln. avro çoxdur. AYİB bu günədək Azərbaycana 189 layihə çərçivəsində 3.751 mlrd. avro həcmində investisiya yatırıb.

 

Bütün xəbərlər