Qızılın qiyməti son 6 ayın ən yüksək səviyyəsinə çatdı

17:18 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. Dünya bazarında qızılın qiyməti son altı ayın ən yüksək səviyyəsinə qalxıb.

ABC.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 13:30-a olan məlumata görə, Asiyada ticarətdə spot qızılın qiymətləri 0.7% artaraq 1 unsiya üçün 2 014.82 dollara, ABŞ-ın COMEX birjasında qızıl fyuçersləri 0.63% artaraq 2 015.70 dollara çatıb. “Reuters” qeyd edir ki, bunlar 16 may 2023-cü ildən bəri ən yüksək rəqəmlərdir.

Analitiklər bildirirlər ki, ABŞ dollarının zəifləməsi və ABŞ Federal Ehtiyat Sisteminin faiz artımı dövrünü başa vurması gözləntiləri fonunda qızıl bahalaşır. “Reuters”in texniki analitiki Vanq Taonun fikrincə, spot qızılın unsiyası 2026 dollardan 2032 dollara qədər qazanc əldə edə bilər.