Azərbaycandan Türkiyəyə ixrac edilən qazın həcmi azalıb, ya artıb?

10:16 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ixrac edilən qazın həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, sözügedən dövrdə Azərbaycandan Türkiyəyə ümumilikdə 7 milyard 890,4 milyon kubmetr təbii qaz ixrac edilib.

Məlumata görə, bu, 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 23.1% çoxdur.

Bu ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 888,52 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 25.06% çoxdur.

Bununla da sentyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 27%-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Türkiyə Azərbaycandan 710,48 milyon kubmetr təbii qaz idxal edib.

 

Bütün xəbərlər