“Fitch Solutions” Azərbaycan iqtisadiyyatı barədə proqnoz verdi

17:03 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. “Fitch Solutions” (FS) qarşıdakı 2024-cü il üzrə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, FS 2024-cü ildə Azərbaycanda iqtisadi artımın 3.1% olacağını proqnozlaşdırıb.

“Fitch Solutions” 2024-cü il üzrə nominal ÜDM-in 168.6 mlrd. manata, adambaşına düşən ÜDM-in isə 16 115 manata çatacağını proqnozlaşdırıb.

“Neft və qaz komandamız orta illik neft qiymətlərinin 2023-cü ildəki 80 dollar/bareldən 2024-cü ildə 83 ABŞ dolları/barelə yüksələcəyini proqnozlaşdırır. Daha yüksək neft qiymətləri və hasilatı 2024-cü ildə daha güclü artıma kömək edəcək, eyni zamanda inflyasiyanın tənzimlənməsi və aşağı uçot dərəcələri ev təsərrüfatları və investorlar üçün şərtləri asanlaşdıracaq. Biz inflyasiyanın 2024-cü ildə orta hesabla 7.5% təşkil edərək 2024-cü ilin sonunda 6.2%-ə enəcəyini gözləyirik. Eyni zamanda, Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin sonuna qədər uçot dərəcəsini 8.25%-ə qədər azaldacağını proqnozlaşdırırıq” – FS-in açıqlamasında əlavə edilib.

 

Bütün xəbərlər