Pakistan düyüsünün rüsumdan azad edilməsi effekt verir

11:07 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Azərbaycanda hökumətin cari ilin əvvəlindən Pakistan düyüsünün idxalına tətbiq edilən gömrük rüsumundan azad etməsi idxala təsir edə bilib.

ABC.AZ xəbər verir ki, 2023-cü ilin ilk üç rübü ərzində Pakistandan 1 663 tona yaxın düyü idxal edib. Bu 2022-ci ilin eyni müddəti ilə müqayisədə 78 faiz çoxdur. İdxal edilmiş düyünün dəyəri 1 mln. 332 min dollar olub.

Azərbaycanın Nazirlər Kabinetinin Qərarına əsasən, Pakistan İslam Respublikasından idxal edilən həmin ölkə mənşəli düyünün 2022-ci il dekabrın 31-dan 2027-ci il dekabrın 31-dək idxal gömrük rüsumundan azad edilib.

Buna baxmayaraq Azərbaycanın idxalçı şirkətləri Hindistanın payını azalda bilməyiblər. Ötən ilin eyni dövründə ümumi düyü idxalında 74% payı olan Hindistanın payı cari ildə 86%-ə yüksəlib. Cari ildə Cənubi Asiya ölkəsindən 38 991 ton həcmində düyü idxal edilib ki, bu da 35 milyon 555 min dollarlıq idxal dəyəridir.

 

Bütün xəbərlər