Bələdiyyələrin gəlirləri artıb - Topladıqları vergilər çoxalıb

12:09 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Bələdiyyələrin büdcə gəlirləri, topladığı vergilər, icarə haqqı artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov parlamentdəki ictimai dinləmə zamanı məlumat verib.

Onun sözlərinə görə, 2021-2022-ci illər ərzində bələdiyyələr tərəfindən 34 min hektardan çox torpaq sahəsini əhatə edən 3900-dən artıq icarə müqaviləsi üzrə qiymətlərin bazar məzənnələrinə uyğunlaşdırılması nəticəsində həmin icarə müqavilələri üzrə ümumilikdə icarə haqqının məbləği 1.5 milyon manat artaraq 2.9 milyon manata qalxıb.

R.Məmmədov bildirib ki, ölkə üzrə bələdiyyə büdcələrinin gəlirləri 2022-ci ilin yekunlarına görə 47.4 milyon manat təşkil edib: “2020-2022-ci illərdə bələdiyyələrin ümumi büdcə gəlirləri 2019-cu illə müqayisədə 12.4 milyon manat (35%), yerli vergilərdən daxilolmalar isə 6 milyon manat (43%) artıb: “Bakı bələdiyyələri üzrə isə son iki ildə büdcə gəlirləri 58%, yerli vergilərdən daxilolmalar isə 73% artıb”.

Bütün xəbərlər