“@“ işarəsinin tarixi

15:46 - 17.07.2018


17 iyul, Fineko/abc.az. Elektron məktub göndərərkən istifadə etdiyimiz “@“ işarəsinin internetin yaranmasından bir neçə əsr əvvəl mövcud olduğunu bilirsinizmi?

Belə ki, bu işarə Renessans dövründə- XV-XVI əsrlərdə İspan, portuqal və fransız dillərində çəki indeksi olan və 12-13 kq-a ekvivalent olan arrobunun işarəsi idi.

Daha sonralar ingilis dilində “at” sözünün qısaldılmış variantı kimi istifadə edilmişdir.

Bu işarə ticari sənədlərdə daim istifadə edildiyindən “@” simvolu 1885-ci ildə yazı maşınlarının ilk nümunəsi olan Underwoodun klaviaturasında yer almışdır.

Amerika şirkəti olan BBN Technology-də çalışan kompüter mühəndisi Rey Tomlinson elektron məktub göndərmək yolunu yaradarkən bu simvoldan yararlanır. Onun məhz bu simvolu seçməsi özünün də qeyd etdiyi kimi təsadüfən olub. O,  klaviaturada heç kimin adında istifadə edilməyən ve qarışıqlığa gətirib çıxarmayacaq bir işarə axtardığı üçün "@" işarəsini seçdiyini söyləyib.

1980-ci ildən  “@” işarəsi beynəlxalq standart kimi təsdiqlənib.

“@” işarəsi bütün dünyada geniş istifadə olunan simvoldur və müxtəlif dillərdə fərqli şəkildə adlandırılır. Məsələn: “@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar “sobaçka” (balaca it), türklər “qızılgül”, finlandlar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar.

Çində “@” heroqlifi həm də “ay ta” kimi oxunur və mənası “onu sev” deməkdir.