Bakıda yeni içməli və tullantı su şəbəkələri yaradılır

15:38 - 1.12.2023


1 dekabr, Fineko/abc.az.  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıda yeni içməli və tullantı su şəbəkələri yaradır.

ABC.AZ Agentliyə istinadən xəbər verir ki,  paytaxt və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir. Tədbirlər Planına uyğun olaraq Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır.

Layihə bu ərazidə torpaq sürüşməsi təhlükəsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. Yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri istismar tələblərinə cavab vermir, tez-tez qəzalara səbəb olurdu. Burada kanalizasiya şəbəkəsi mövcud olmadığından tullantı suları əsasən septik qurğulara və şambolara axıdılırdı. Mərhələlərlə icra olunan layihəyə çərçivəsində indiyə qədər 17 km su və 37 km kanalizasiya xətləri inşa olunub. Kanalizasiya şəbəkəsinin tikintisi yekunlaşdıqdan sonra ərazilərdə septik qurğular və şambolar ləğv edilərək evlərin kanalizasiya xətləri mərkəzləşdirilmiş şəbəkəyə qoşulacaq.

Yeni su xətlərinin çəkilişi zamanı köhnə və primitiv xətlərin bir qismi zədələnə və ya sıradan çıxa bilər. Bu zaman qəza briqadaları tərəfindən zəruru tədbirlər görülərək su təchizatı qısa müddətdə bərpa edilir.

Ümumilikdə layihə çərçivəsində 3-cü yaşayış massivində hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarının, 69 km içməli, 68 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulub.

Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihə çərçivəsində 45 km içməli, 28 km tullantı su şəbəkələri inşa edilib.

Bütün xəbərlər