Əlil arabaları əlilliyi olan şəxslərə yaşadıqları rayonlara aparılaraq təqdim olunub

18:00 - 17.07.2018


17 iyul, Fineko/abc.az. Rayon mərkəzinə gələ bilməyənlərə əlil arabaları evlərində verilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan və əlil arabasına tibbi göstərişi olan 23 nəfər əlilliyi olan şəxsə əlil arabası elə yaşadıqları rayona aparılaraq təqdim edilib.

Onlardan bir qisminin rayon mərkəzinə gələ bilmədikləri nəzərə alınaraq, arabalar yaşadıqları ünvanda təhvil verilib.

Əlilliyi olan şəxslər, onların ailə üzvləri ölkəmizdə fiziki məhdudiyyəti olan vətəndaşların maddi təminatlarının gücləndirilməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri sahəsində aparılan işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, əlil arabasına ehtiyac duyduğu halda əlilliyi olan şəxsin Protez-Ortopedik Bərpa Mərkəzinə birbaşa müraciətinə ehtiyac yoxdur. Belə ki, bununla bağlı onun müraciəti yaşadığı ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasında dərhal qeydə alınır və əlil arabasına ehtiyacı olması barədə tibbi göstəriş ƏƏSMN-nin elektron sisteminə daxil edilir. Bundan sonra isə Mərkəz tərəfindən əlilliyi olan şəxs növbəlilik qaydasında əlil arabası ilə təmin olunur.

Əlilliyi olan şəxslərin (və ya yaxınlarının) əlil arabasını götürmək üçün paytaxta gəlmək imkanları olmadıqda onlara yaşadıqları ünvanda əlil arabası təqdim olunur.

Qeyd edək ki, bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 750 nəfərədək əlilliyi olan şəxsə əlil arabası verilib.